Ümumi ərazi, [kv.km] 1023.00
Əhalinin ümumi sayı 98 min 123
Kəndlərin sayı - 72
Qəsəbələrin sayı - 2
Ağdaş ərazisində insanlar lap qədim zamanlardan məskunlaşmışlar.
Qədim yunan müəllifi Starbon (e.ə. I əsr) qeydlərində bu ərazilərdə
insanların məskunlaşdığı, təsərrüfat fəaliyyəti ilə məşğul olmaları,
Türyançay çayının orta və aşağı axarında yaşayan əhalinin bu çaydan
təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini yazırdı.
Təbii iqlim
və torpaq şəraiti burada lap qədimlərdən əkinçilik və maldarlığın inkişafı
üçün əlverişli imkan yaratdığından bu ərazilərdə əkinçilik mədəniyyəti
yüksək inkişaf etmişdi. Ona görədə tarixən bu yerlərdə yüksək keyfiyyətli
taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq
geniş yayılmışdı.
Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin
tabeliyində idi. Buranı "Sultan" titülü daşıyan feodal hakimlər
idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən
Ərəş sultanlığı xeyli zəiflədi və 18-ci əsrin 50-ci illərində Şəki xanlığının
vassalına çevrildi. 1795-ci ildə isə Sultanlıq ləğv edilərək Şəki xanlığına
qatıldı.
Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən
Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın
ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi.
Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu ildən Ağdaş rayonu yaradılmışdır.
Rayonun mərkəzi XVI əsrdə salınmış, 1900-cu ildən şəhər statusu daşıyan
Ağdaş şəhəridir.
Rayonun ərazisində orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin
qalıqları mövcuddur. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay
qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Ərəb kəndi
yaxınlığında yerləşir.
Ağdaş rayonunun əlverişli coğrafi mövqeyi və təbii şəraiti hələ XIX əsrin
sonralarında burada texniki bitkilərin əkilib-becərilməsinə və onların
dünya bazarına çıxarılmasına imkan vermişdi. 1883-cü ildən Bakı-Tiblis
dəmir yolu çəkildikdən sonra onsuz da əhəmiyyətli ticarət yollarının üstündə
yerləşən Ağdaşda emal müəssisələri qurulmağa başladı. Məhsul tədarükü
və xarici bazarlara daşınması, ticarətin və iqtisadiyyatın inkişafına
səbəb oldu.
1887-ci ildə
Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada
pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması
üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu. Artıq 1897-ci ildə
Ağdaşda kotton-çin maşınlarından ibarət 7 zavod fəaliyyət göstərirdi.
Beləliklə, XIX əsrin ikinci yarısından başlayaraq Avropanın qabaqcıl toxuculuq
mərkəzləri ilə əlaqə saxlayan Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq
istehsalı, emalı və satışının mərkəzinə çevrilmişdi. Qafqaz pambıqçılarının
I Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu sübut edir.
1888-ci ildə Ağdaş bazarında 3100 pud pambıq satılmışdırsa, 1892-ci ildə
bu rəqəm 28000 puda çatmışdı.
XIX əsrin 70-ci illərində fəaliyyət göstərən Ağdaş bazarında pambıqdan
başqa digər ənənəvi məhsullar da satılırdı. XX əsrin əvvəllərində "Qafqaz"
qəzeti yazırdı ki, "Ağdaş xaricə, Marsel və İtaliyaya göndərilən
həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəzdir".
1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan
lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi. Ağdaşda meyvəçilik
də yüksək inkişaf etmişdi. 1900-cu ildə Ləki dəmiryol stansiyası vasitəsi
ilə 69745 pud qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük edilərək
xarici bazarlara daşınmışdı.
Ağdaşda iqtisadiyyatın inkişafı ilə yanaşı onun maarif və mədəniyyəti
də inkişaf edirdi.
Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri də 25 oktyabr
1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası
qoyulan "Rus-tatar" məktəbi olmuşdur. O dövrdə Azərbaycanda
fəaliyyət göstərən bu tipli 3 məktəbdən birinin məhz Ağdaşda açılmış heç
də təsadüfi deyildir. Çünki ondan əvvəl Ağdaşda yaxşı təhsil bazasına
malik 20-yə qədər mədrəsə fəaliyyət göstərirdi. XX əsrin əvvəlində Ağdaşda
"Nəşri-Maarif" cəmiyyəti, qiraətxana, "Səadət" qızlar
məktəbi, "Darülirfan", "Ruşdiyyə" kimi tədris ocaqları
fəaliyyət göstərirdi. Bu məktəbdə Muxtar Əfəndizadə, Hədiyyə xanım Məmmədzadə,
Həsən Əfəndiyev kimi maarifçi ziyalılar çalışırdılar. Məhz belə marifçilik
bazası üzərində sonralar Ağdaşda təhsilin səviyyəsi yüksək xətlə inkişaf
etmişdir. Rayonda Pedaqoji məktəb, Tibb məktəbi, Kənd Təsərrüfatı texnikumu,
Peşə məktəbləri açılmış, bəziləri bu gün də fəaliyyət göstərir. Təsadüfi
deyil ki, ümummilli liderimiz Heydər Əliyev Ağdaş şəhər 3 nömrəli beynəlmiləl
orta məktəbin 120 illik yubileyi münasibətilə kollektivə göndərdiyi təbrik
məktubunda (29.XI.2002) Ağdaş təhsilinə yüksək qiymət vermişdir.
Ağdaş mədəniyyəti və incəsənəti dərin köklərə malikdir. 10 aprel 1908-ci
ildə Zülfüqar Hacıbəyovun yaxından iştirakı ilə Rəşid bəy Əfəndiyevin
"Qan ocağı" adlı əsəri ilə fəaliyyətə başlayan Ağdaş teatrı
rayonun mədəni həyatında böyük rol oynamışdır. 1940-cı ildə bu rayondan
deputat seçilmiş görkəmli Azərbaycan şairi S.Vurğunun təşəbbüsü ilə Ağdaş
teatrına Dövlət Dram Teatrı statusu verilmiş, teatrın səhnəsində "Leyli
və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun,"
"Arşın malalan" kimi klassik əsərlər oynanılmışdır. 1960-cı
ildən teatr Xalq Teatrı kimi fəaliyyət göstərir.
1936-cı ildə Əhməd Ağdamskinin rəhbərliyi altında Ağdaşda ilk 7 illik
musiqi məktəbi açılır. Habib Əliyev, Munis Şərifov, Ramiz Hacıyev kimi
tanınmış musiqiçilər bu məktəbin məzunları olmuşlar.
Beləliklə əlverişli təbii-coğrafi şəraitə malik olan Ağdaş fədakar və
istedadlı insanların fəaliyyəti nəticəsində inkişaf edərək böyük bir tarixi
yol keçmişdir. Bu zaman özünün sosial-iqtisadi və mədəni inkişafının ən
yüksək səviyyəsinə Azərbaycanın hər yerində olduğu kimi ümumilli liderimiz
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi keçən əsrin 70-ci illərində
çatmışdır.
Fərəhli haldır ki, müasir Ağdaş dövlət müstəqilliyimizin yaratdığı imkandan
bəhrələnərək ümumilli liderimiz Heydər Əliyevin siyasi kursunu ardıcıl
həyata keçirən hörmətli prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında bu gün də sürətlə inkişaf edərək çiçəklənir.
|