http://www.milonic.com/

>>> Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. >>>
      Kitabxana haqqında
      Tədbirlər
      E-kataloq
      E-kitabxana
      Ölkə mətbuatında Ağdaş
      Hüquq Mərkəzi
      Yeni kitablar
      Ən çox oxunan nəşrlər
      Bizimlə əlaqə
      Azərbaycan kitabxanaları
      Prezident Kitabxanası
      Milli Kitabxana
 
Linklər

Normativ sənədlər

Kitabxana işi haqqında (Qanun)
MKS haqqında Əsasnamə

Dövlət Proqramı


Baxın və təbliğ edin!

http://www.khojaly.org/   
http://www.justiceforkhojaly.org/
http://www.azerigenocide.org/
http://www.human.az/ http://www.azerbaijan.az

İşğal altında olan torpaqlar
bizi çağırır!

Şuşa (8 may 1992-ci il)

Laçın (17 may 1992)

Kəlbəcər (2-4 aprеl 1993)

Ağdam (23 iyul 1993-cu il)

Cəbrayıl (8 avqust 1993)

Füzuli (23 avqust 1993)

Qubadlı (31 avqust 1993)

Zəngilan (29 oktyabr 1993)

 


AĞDAŞ RAYONU


Nəbiyev Bəkir Əhməd oğlu - tənqidçi, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1978), "Qızıl qələm" mükafatı laureatı (1972), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan EA həqiqi üzvü (1989), Əməkdar elm xadimi (1990), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının fəxri üzvü (1993).
Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-1947). Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik etmişdir (1947-1949). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1949-1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur. Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954-1957). ADU-nun aspiranturasına daxil olmuş, "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1960). "Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləmişdir (1959-1961). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961-1971), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971-1986), Azərbaycan ədəbiyyat fondunun sədri işləmişdir (1982-1986).
Hazırda AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur (2003-cü ildən). "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur. Ali məktəblərdə mühazirələr oxumuşdur. Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olmuşdur (2002). 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisidir. Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olmuşdur (1987-2001). Azərbaycan EA partiya komitəsinin katibi (1978-1979), Azərbaycan KP Bakı şəhər komitəsinin plenum üzvü, 26 Bakı komissarı rayon komitəsinin büro üzvü seçilmişdir (1978-1981). Yazıçılar İttifaqı nəzdində tənqid və ədəbiyyatşünaslıq şurasının (1965-1985), SSRİ EA nəzdində humanitar elmlərə dair tədqiqatları əlaqələndirmə Şurasının, Azərbaycan EA Rəyasət Heyətinin üzvü, "Xəbərlər" (Ədəbiyyat, Dil və İncəsənət seriyası) jurnalının baş redaktoru, Azərbaycan Mədəniyyət fondunun sədri (1987-1990), ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri (1993-cü ildən), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin, Dövlətnəşrkomun metodiki şurasının, C.Cabbarlı adına "Azərbaycanfılm" studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, "Vətən" cəmiyyəti idarə heyətinin, respublika "Bilik" cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərmişdir. Bakıda bədii ədəbiyyatda realizm (1966), romantizm (1972) məsələlərinə, Moskvada, Kiyevdə, Tbilisidə, Alma-Atada, Düşənbədə qarşılıqlı ədəbi əlaqələr problemlərinə həsr edilmiş simpoziumlarda (1978, 1980, 1983, 1986, 1989) məruzəçi olmuşdur. Birinci Millətlərarası Azərbaycan Konqresində "Azərbaycan ədəbiyyatı tarixinin yazılması prinsipləri" (Qayseri, 1990), Azərbaycan Mühacirət Ədəbiyyatı simpoziumunda "Azərbaycan ədəbiyyatında qürbət lirikası" (Bakı, 1991), Üçüncü Uluslararası türk kültürü konqresində "Əhməd Cavadın yaradıcılığında türkçülük idealları" (Ankara, 1996), Beynəlxalq Nizami konqresində "Nizami və Gəncə" (Təbriz, 1993), Beynəlxalq Füzuli konqreslərində "Həqirətüs-süəda"nın fikri-bədii vüsəti" (Tehran, 1995), "Aşiqanə sözün bənzərsiz ustadı" (Ankara, 1996), Dördüncü Uluslararası Türk Kültürü Konqresində "Azərbaycan dilinin terminoloji lüğətləri" (Ankara, 1997) mövzularında məruzələr etmişdir. Çexiya, Slovakiya, Yuqoslaviya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış etmişdir. Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə "Hacı Zeynalabdin Tağıyev", "Məmməd Araz" mükafatlarına (1993-1994), "Ustad" Ali mükafatına (1997), Beynəlxalq TİKA mükafatına (2000), "Xalqlar dostluğu" (1986) və "Şöhrət" (2000) ordenlərinə layiq görülmüşdür.
Əsərləri
1. Görkəmli tənqidçi və ədəbiyyatşünas. Bakı: Azərnəşr, 1963, 162 səh.
2. Müasirlik və sənətkarlıq uğrunda. Bakı: Azərnəşr, 1966, 127 səh.
3. Sovet Azərbaycanı: Ədəbiyyat və incəsənət 50 ildə Bakı: Azərnəşr, 1970, 103 səh. (şərikli)
4. Süngüyə çevrilmiş qələm. Bakı: Azərnəşr, 1970, 214 səh.
5. Ədəbi düşüncələr. Bakı: Gənclik, 1971, 160 səh.
6. Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Müxtəsər bələdçi. Bakı: Elm, 1975, 34 səh.
7. Tənqid və ədəbi proses. Bakı: Azərnəşr, 1976, 153 səh.
8. Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı. Bakı: 1977, 329 səh.
9. Təzə izlər sorağında. Bakı: Yazıçı, 1979, 216 səh.
10.Kamalın təntənəsi. Bakı: Yazıçı, 1981, 397 səh.
11.Müasirlərimiz bədii ədəbiyyatda. Bakı: Bilik, 1983, 69 səh.
12.Ədəbiyyat (V sinif üçün dərslik). Bakı: Maarif, 1984, 304 səh. (şərikli).
13.Söz ürəkdən gələndə. Bakı: Yazıçı, 1984, 284 səh.
14.Mənalı ömürdən səhifələr. Firidun bəy Köçərli. Bakı: Gənclik, 1984, 227 səh.
15.Roman və müasir qəhrəman. Bakı: Yazıçı, 1987, 295 səh.
16.Özümüzdən başlayaq. Bakı: Elm, 1980, 292 səh., 3.200 nüs.
17.Əhməd Cavad. Bakı: Gəncə nş, 1993, 128 səh.
18.Almaz ildırım. Bakı: Sabah, 1994, 260 səh.
19.Ölümsüzlüyün sirri. Bakı: Elm, 1994, 200 səh.

Habil Mustafa oğlu Əliyev
çətin və maraqlı həyat yolu keçmişdir. O, 1927-ci il may ayının 28-də Azərbaycan Respublikası Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik məktəbə gedib. Həmin illərdə məşhur xanəndə və musiqi müəllimi Əhməd Ağdamski (Əhməd Bəşir oğlu Bədəlbəyli) Habilgilin evində kirayədə yaşayırdı. Əhməd Ağdamskinin yaşadığı evə vaxtaşırı musiqiçilər toplaşar, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, yeri gəldikcə onlardan parçaları tarda, ya kamançada ifa edərdilər. Balaca Habil uşaq marağı ilə çalğıya qulaq asar, mənasını kəsdirmədiyi söhbətləri dinləyərdi. Elə həmin vaxtdan da Habilin uşaq qəlbinə sənətə məhəbbət közü düşmüş, günbəgün, aybaay alışıb alovlanmağa başlamışdı. Anası Nisə xanım isə oğlunun qəlbinə düşmüş bu məhəbbət odunu öz ana nəvazişi ilə daha da alovlandırmışdı. Habil Əliyev onları belə xatırlayır:"Mənim sənət aləminə gəlməyimdə iki xeyirxahım olub. Onlardan biri Əhməd Ağdamski, o biri isə anamdır. Əhməd Ağdamski mənə sənətin nə olduğunu anlatdı, anam isə məndə sənətə məhəbbət yaratdı. Yaxşı yadımdadır, uşaq idim. Çömçəni kamança kimi dizimin üstünə qoyub oxlovu ona sürtürdüm. Anam bunu görüb sevinclə dedi:
Payıma düşən pulu Ağdaşa anamgilə yollayırdım. Boş vaxtlarımda o qədər çalırdım ki, evdəkilər lap dəng olurdular... Xülasə, Məzrəlidə də duruş gətirə bilmədim, 1947-ci ildə qayıtdım Ağdaşa. Pionerlər evində dərnək rəhbəri oldum".
Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas Musiqi Məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənatkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.
1961-ci ildə Habil Əliyevin televiziyada ilk konserti oldu. Onun yeni ifaçılıq texnikası ilə çaldığı "Segah"musiqisevərlər arasında geniş söz-söhbətə səbəb oldu. Səhərisi günü görkəmli sənətkarlar Xan Şuşinski və Zülfü Adıgözəlov onu ürəkdən təbrik etdilər.
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.
Hələ bir vaxtlar Böyük Britaniyada respublikamızın günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının konserti verilirdi. Konsert Qlazqo şəhərinin yaxınlığında, tamaşaçılarla dolu olan nəhəng Mazerverlle sarayının salonunda gedirdi. Həmin gecə səhnədə kamançanın "rəqibləri" Rəşid Behbudov, Müslüm Maqomayev, Tamara Sinyavskaya kimi dünya şöhrətli sənətkarlar idilər. Konsertdən sonra Qlazqo şəhərinin bələdiyyə idarəsində qəbul zamanı ingilis musiqiçiləri, ər-arvad Harrisonlar Habil Əliyevin ifasını proqramın canı adlandıraraq Azərbaycan Paqaninisinin şərəfinə badə qaldırdıqda bu, iştirakçıların hamısını təəccübləndirmişdi.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin dünyanın böyük dövlətləri olan ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
Habil Əliyev sənətdə göstərdiyi xidmətlərinə görə 29 iyun 1964-cü ildə "Əməkdar artist", 11 yanvar 1978-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. Dövlət tərəfindən dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunmuşdur. Respublika Prezidentinin Fərdi təqaüdçüsüdür.
Habil Əliyevə müxtəlif şairlərimiz onlarca şer həsr ediblər, rəssamlarımız tablolar çəkiblər, heykəltəraşlarımız büstlər işləyiblər, xalçaçılarımız üzərində sənətkarın portreti olan xalçalar toxuyublar, yazarlarımız onun haqqında kitablar yazıblar. Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin dahi sənətkara həsr etdiyi və artıq dünyanı fəth etmiş "Habilsayağı" simfonik əsəri bir çox ölkələrin möhtəşəm konsert saraylarında uğurla səsləndirilir. Habil Əliyev haqqında bir neçə sənədli film və oçerklər (.wmv, 4.61 MB) də çəkilmişdir.
Habil Əliyev 1954-cü ildə Şərqiyyə xanım ilə xoşbəxt ailə həyatı qurmuş, üç qız və bir oğul böyüdüb tərbiyyə etmişlər. Səkkiz nəvəsi var.

Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) - şair - 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Azərbaycan xalq şairi (1999), əməkdar incəsənət xadimidir (1978).
1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, AYİ-də beynəlxalq əlaqələr üzrə məsul katib olmuşdur. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən AYB-nin katibidir.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, - qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Şerlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (1995).
Kitabları
• Qağayı 1963
• Hamıya borcluyam 1965
• Стихи 1966 (Moskva)
• Dənizdə ay çiməndə 1967
• Od gəlini 1969 (latış dilində) (Riqa)
• Цветы зимой 1969 (Moskva)
• Yatmadağım gecələrdə 1970
• Günlərin bir günü 1972
• Gül ömrü 1975
• İnsan xasiyyəti 1980
• Ночная вахта 1982 (Moskva)
• Небо смотрит в море 1982 (Moskva)
• Ömürdən səhifələr 1984
• Mavi dünyanın adamları 1988
• Taleyin ağır taleyi 1990
• Seçilmiş əsərləri 1988
• Eldən elə - dildən dilə 1988 (mahnı bəstələnən şeirləri)
• Sükutun səsi 1991 (Tehran)

Lütvü Məmmədbəyov
(1927-2003) Azərbaycanın xalq artisti, aktyor, rejisor. İlyas Əfəndiyevin "Atayevlər ailəsi", Mehdi Hüseynin "Alov", Qılman İlkinin "Şərqin səhəri", İslam Səfərlinin "Göz həkimi" və s. 64 əsərə quruluş verərək səhnələşdirib. Ə.Hacızadənin "itgin gəlin" 12 seriyalı televiziya filminin rejissorudur.