|
|
|
 |
AĞDAŞ RAYONU |
 |
|
|
Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi,
önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidentinə Heydər Əliyev abidə kompleksində aparılan yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu
ki, 7 hektar ərazini əhatə edən kompleksdə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Kompleksdə 30 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılmış, mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq elementləri yaradılmışdır. Müasir dizaynı ilə seçilən fəvvarələr kompleksə xüsusi gözəllik verir.
Kompleksin ərazisindəki Heydər Əliyev Mərkəzi əsaslı yenidənqurmadan sonra xüsusi görkəm almışdır. Mərkəzdəki muzeyin 9
bölməsində ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən 200-dən çox eksponat nümayiş etdirilir.
Burada üç böyük salondan ibarət möhtəşəm kompleks yaradılmışdır. Salonlarda elektron kitabxana, ideoloji mərkəz, muzey,
uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşa səfəri çərçivəsində mərkəzi rayon xəstəxanasının açılışında
iştirak etmişdir.
Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, xəstəxana binasının təməli ötən il fevralın 12-də Prezident İlham Əliyevin
Ağdaş rayonuna səfəri zamanı qoyulmuşdur. Yüz çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500
kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.
Prezident İlham Əliyev poliklinika şöbəsi ilə tanış oldu. Bildirildi ki, müasirliyi ilə seçilən poliklinika şöbəsi ən
müasir avadanlıqla təchiz olunmuşdur. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait
yaradılmışdır. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu
mümkündür. Hemodializ prosedurunun yerinə yetirilməsi zamanı xəstələr televizorda verilişlərə baxa, onlar üçün yaradılan
hərtərəfli şəraitdən istifadə edə bilərlər. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə
edilən tibbi avadanlıqlardandır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar
yaradılmışdır.
Diaqnostika şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, burada yaradılmış hərtərəfli şərait müalicə və müayinə işinin yüksək
səviyyədə təşkilinə imkan verir. Diqqəti cəlb edən məqamlardan biri buradakı bütün müasir avadanlığın yerli mütəxəssislər
tərəfindən quraşdırılmasıdır.
Prezident İlham Əliyev xəstəxananın əməliyyat blokunda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada bütün
əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə edilir. Xəstəxananın reanimasiya şöbəsində isə eyni vaxtda 7 xəstə
yerləşdirilə bilər.
Sonra dövlətimizin başçısı palataları gəzdi. Bildirildi ki, palatalardakı şərait dünyanın inkişaf etmiş ölkələrinin müalicə
müəssisələrindən geri qalmır. Tibb ocağının stasionarında eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Təcili tibbi
yardım şöbəsi də hər cür avadanlıqla təmin edilmişdir. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri
şərait yaradılmışdır. Xəstəxananın müasirliyi ilə seçilən akt zalı da vardır.
Səhiyyə ocağında yaradılmış şəraitlə tanış olan Prezident İlham ƏLİYEV rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın
kollektivi ilə görüşdü, onları təbrik edərək dedi:
- Sizi Ağdaş rayon xəstəxanasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Gözəl hadisədir. Xəstəxananın tikintisi bir
il bundan əvvəl başlanmışdı. Mən çox şadam ki, qısa müddət ərzində Ağdaşda çox gözəl, müasir xəstəxana tikilib istifadəyə
verilmişdir.
Bildiyiniz kimi, ölkəmizin hər bir yerində yeni tibb ocaqları yaradılır, xəstəxanalar, poliklinikalar tikilir. O cümlədən
indi Ağdaşda da dünya səviyyəsinə uyğun, gözəl xəstəxana yaradılmışdır. Xəstəxana ilə tanış olarkən gördüm ki, həm gözəl,
keyfiyyətlə, zövqlə tikilib, eyni zamanda, burada dünyanın ən müasir avadanlığı quraşdırılıbdır. İndi bu xəstəxanada
işləmək üçün çox gözəl şərait vardır. Əsas odur ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olsun.
Ölkəmizdə bütövlükdə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük islahatlar aparılır, böyük işlər görülür.
Hər bir bölgədə yeni, müasir xəstəxanalar tikilməkdədir. Bakının özündə əvvəlki dövrdə tikilmiş xəstəxanalar əsaslı təmir
edilir, yeni xəstəxanalar tikilir və kadr hazırlığı ilə bağlı yeni təkliflər irəli sürülür. Burada işləyən həkimlər
treninq keçmişlər, təcrübələrini artırmışlar. Elə etməliyik ki, burada göstərilən tibbi xidmət yüksək səviyyədə olsun.
Bu xəstəxananın açılışı bir daha onu göstərir ki, ölkəmizin inkişafı hərtərəflidir. Hər bir bölgə inkişaf edir, hər bir
bölgədə insanların yaşayışı üçün lazım olan bütün məsələlər həllini tapır. Mən keçən il burada olarkən sizinlə bərabər
Olimpiya Kompleksinin açılışını qeyd etdik. Ağdaş rayonunun su təchizatının birinci mərhələsini qeyd etdik. İndi Ağdaşda
bu layihə davam edir, digər layihələr icra olunur və bütövlükdə rayonun siması dəyişilir. Ağdaş indi müasir, gözəl rayona
çevrilməkdədir. İstirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır.
Qazlaşdırılma sürətlə gedir. Mənə verilən məlumata görə, son vaxtlar yeni qəsəbələr, yeni yaşayış məntəqələri
qazlaşdırılıbdır. Elə etməliyik ki, yaxın iki il ərzində rayonun bütün kəndləri qazlaşdırılsın.
Elektrik enerjisi ilə təchizatda problemlər çoxdan aradan qaldırılmışdır. İndi içməli su, kanalizasiya layihələri icra
edilir. Bu layihələr də əminəm ki, yaxın zamanlarda başa çatacaqdır. Yollar çəkilir, buraya gəlməzdən əvvəl Ləki-Ağdaş
avtomobil yolunun açılışını qeyd etdik. Bu da çox gözəl yoldur. Həm bir neçə kəndi birləşdirir, eyni zamanda, rayon
mərkəzinə də rahat gəlmək mümkündür.
Növbəti illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaqdır. Bildiyiniz kimi, həm
dövlət büdcəsində vəsait nəzərdə tutulur, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan bölgələrin inkişafı üçün vəsait
ayrılır ki, hər bir rayon, hər bir şəhər, hər bir kənd abadlaşsın və yaşamaq üçün şərait daha da yaxşı olsun.
Ümid edirəm ki, yaxın zamanlarda ölkə qarşısında duran bütün vəzifələr, xüsusilə bölgələrin inkişafı ilə bağlı olan bütün
vəzifələr icra ediləcəkdir. Bu günə qədər görülmüş işlər deməyə əsas verir ki, biz hədəfimizə çatacağıq. Çünki regionların
sosial-iqtisadi inkişafı proqramının uğurla icra edilməsi nəticəsində bölgələrdə böyük dərəcədə dəyişikliklər baş vermişdir.
Canlanma, inkişaf vardır, bölgələr indi çiçəklənir. Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir. Bütün
bu işlərin təməlində insan amili dayanır və buna görə səhiyyə məsələlərinin həllinə çox böyük diqqət göstərilir. Hər bir
sahəyə diqqət göstərilir. İndi məktəblər tikilir, yollar çəkilir, yeni müəssisələr işə salınır. Ancaq insanların sağlamlığı
birinci dərəcəli məsələdir. Mən çox şadam ki, son illər Azərbaycanda bu sahədə aparılan işlər müsbətdir, yeni xəstəxanalar,
tibb məntəqələri açılır. İnsanların sağlamlığı üçün lazımi tədbirlər görülür. Növbəti mərhələlərdə biz diaqnostika
məsələlərinə daha çox diqqət verməliyik, xəstəliklərin profilaktikası ilə məşğul olmalıyıq və beynəlxalq təcrübəni maksimum
dərəcədə tətbiq etməliyik.
O ki qaldı xəstəxanaların tikintisinə, mən hesab edirəm ki, biz indi ən inkişaf etmiş ölkələrdən geri qalmırıq. Bizdə
yaradılan gözəl şərait inkişaf etmiş ölkələrdəki şəraitə uyğundur, bəzi hallarda onları üstələyir. Avadanlıqla təchizat
məsələlərinə də böyük diqqət göstərilir. Ən müasir avadanlıq - diaqnostika cihazları gətirilir. Ümid edirəm ki, biz
növbəti illərdə daha çox həkimlərin peşəkarlığına diqqət göstərməliyik. Bu məqsədlə həkimlər daim öz təcrübəsini
genişləndirməlidirlər. Bu məqsədlə əlbəttə ki, beynəlxalq əlaqələr də vacib məsələdir.
Beynəlxalq səhiyyə təşkilatları Azərbaycanda gedən islahatlara çox yüksək qiymət verirlər. Bir neçə ay bundan əvvəl Bakıda
keçirilmiş Dünya Səhiyyə Təşkilatı Avropa Komitəsinin iclasında Azərbaycanda bu məsələlərə göstərilən diqqət yüksək
qiymətləndirilmişdir. Əlbəttə ki, bu, gördüyümüz işlərin nəticəsidir və bu qiymət bizi daha da ruhlandırır. Çünki Dünya
Səhiyyə Təşkilatı dünya miqyasında bütün səhiyyə məsələləri ilə məşğul olur. İnsanların sağlamlığı üçün bütün lazımi
amillər - əlbəttə, tibbi xidmət və bununla bərabər qeyd etdiyim kimi, diaqnostika, profilaktika, maarifləndirmə diqqət
mərkəzində olmalıdır. İndi belə gözəl şərait olduğu halda hər bir vətəndaş gərək vaxtlı-vaxtında diaqnostikadan,
müayinədən keçsin.
İnsanların sağlamlığı üçün lazım olan digər məsələlər də həll olunur. İçməli su insan sağlamlığı üçün bir nömrəli məsələdir,
indi həll olunur. Ekologiya ilə bağlı olan vəziyyət, təmiz hava, keyfiyyətli qida. Biz bütün bu məsələlərə diqqət veririk,
dünya miqyasında inkişaf etmiş ölkələrin təcrübəsini də öyrənirik və tətbiq edirik. Bu xəstəxana Dünya Bankı ilə birgə icra
edilmiş layihədir və burada bütün standartlar dünya səviyyəsindədir.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Mən çox şadam ki, Ağdaşda belə gözəl xəstəxana artıq
istismara verilir. Bu, Ağdaşa mənim Prezident kimi üçüncü səfərimdir. Mən rayonda gedən dəyişiklikləri görürəm,
qiymətləndirirəm. Çox şadam ki, burada işlər yaxşı gedir. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə
vəsait ayrılacaq ki, rayon daha da gözəl, daha da yaxşı olsun. Bir daha Sizi təbrik edirəm.
Uşaq poliklinikasının baş həkimi Gülər MƏMMƏDOVA dövlətimizin başçısına Ağdaş rayonunda və ölkəmizdə səhiyyənin inkişafına
göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək dedi:
- Hələ ötən il rayonumuzda olan zaman Siz bu mərkəzi rayon xəstəxanasının təməlini qoymuşdunuz. Bu gün isə fərəhli və
sevincli bir günümüzdür ki, xəstəxananın tikintisi artıq başa çatmışdır.
Cənab Prezidentimiz!
Siz hər zaman çıxışlarınızda belə söyləyirsiniz: "Sağlam və savadlı nəsil bizim millətimizin gələcəyidir, Azərbaycanın
sabahıdır". Bu gün elə Sizin uğurla həyata keçirdiyiniz Heydər Əliyev siyasətinin kökündə də məhz insan amili,
gəncliyimizin sağlam və savadlı böyüməsi kimi bir məqsəd durur.
Bu gün bütün Azərbaycan xalqı, o cümlədən də biz ağdaşlılar yaxşı görür, qiymətləndirir və fəxr edirik ki, Siz və xanımınız,
respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva məktəb və uşaq
bağçalarının, idman və sağlamlıq mərkəzlərinin tikilməsi üçün çox böyük zəhmət çəkirsiniz. Bunun ən gözəl nəticəsidir ki,
bu gün Azərbaycanımızda səhiyyəmiz çox sürətlə inkişaf edir.
Gülər Məmmədova bildirdi ki, bu gün ən müasir və yüksək standartlara uyğun avadanlıqla təchiz edilmiş xəstəxananın
istifadəyə verilməsi ağdaşlılara gözəl hədiyyədir. Dövlətimizin başçısına bütün ağdaşlılar adından dərin minnətdarlığını
çatdıran G.Məmmədova bu gün bütün ölkəmizdə olduğu kimi, Ağdaşın da sürətli inkişaf dövrünü yaşadığını vurğulayaraq dedi:
- Azərbaycanın bütün regionlarında olduğu kimi, Ağdaşımız da çox sürətlə inkişaf edir, gündən-günə yenilənir. Ağdaşımızda
müasir sosial obyektlər və səhiyyə ocaqları tikilir. Ağdaş gündən-günə gözəlləşir. Gözəl parklar salınır, yollar, su və
qaz xətləri çəkilir. Bir sözlə, Azərbaycanımızda olduğu kimi, Ağdaş əhalisinin də həyat səviyyəsi yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində oktyabrın 30-da Ağdaş-Ləki avtomobil
yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə
baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş
işlər barədə məlumat verdi. Bildirdi ki, yol "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"na uyğun olaraq dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş
Tədbirlər Planı çərçivəsində inşa olunmuşdur. Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu yolu "Azəryolservis" ASC inşa
etmişdir.
Qeyd edilmişdir ki, əsaslı şəkildə bərpa olunmuş Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi
avtomobil yolunun 267-ci kilometrini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə birləşdirir. Tamamilə
yeniləşən, müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb
bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Məlumat verildi ki, asfalt-beton örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Cari ilin
iyulunda başlanan bərpa işləri oktyabrda başa çatdırılmışdır.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.
 |
|  |
 |
|  |
 |
|  |
 |
|  |
 |
|  |
 |
|  |
 |
|  |
|
ARXIV 2010
|
|
|
|
|
| |
|
 |
Dövlət
rəmzlərimiz |
 |
|
|